20 Yanvar- milli qürur günümüz

Yan20,2022


Azad yaşamağa, azadlıq uğunda hər gün, hər saat ölümə getməyə hazır olanlar layiqdirlər! 70 il müstəqillik arzusunu qəlbinin ən dərin guşələrində hifs edərək saxlayan, azadlığa çıxmağa imkan yaranan kimi ayağa qalxan Azərbaycan xalqı bunu 20 yanvar gecəsi öz əməl , tökülən al qanı ilə sübuta yetirdi.
1990-cı il 20 Yanvar hadisələrindən 32 il ötür. Amma adama hərdən elə gəlir ki, bu müdhiş hadisələr dünən, srağa gün baş verib. Insanları səksəkəyə salan güllə vıyıltıları, tank, mərmi səsləri haqqında düşünəndə bir daha qanlı faciənin səbəbkarlarına lənətlət yağdırırıq. Ancaq xalqımız həmin günü təkcə hüzn kimi yox, həm də qəhrəmanlıq günü kimi qeyd edir. Doğrudan da, 20 yanvar tarixində küçələr, meydanlar günahsız insanların qanına boyansa da, oğul və qızlar sovet ordusunun qəddarlığı, amansızlığı ilə üz-üzə dayansa da, xalq qorxub geri çəkilmədi, əksinə öz azadlığı uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirə bildi.
Əslində başımıza gətirilən 20 yanvar faciəsi zülmə və haqsızlığa yumruq göstərən bir xalqın hayqırtısı idi. Keçmiş ittifaq rəhbərliyi isə azadlığa, müstəqilliyə can atan xalqın haqq səsini boğmağa çalışırdı. Silahlanmış ordu bölmələrini ölkəmizin paytaxtına yeridən imperiya başçıları xalqımızın azadlıqsevər övladlarını qətlə yetirsələr də, məqsədlərinə çata bilmədilər. əksinə, bu hadisələr xalqımızın azadlığa, müstəqilliyə qovuçmasını daha da sürətləndirdi. Xalqımızın iradəsi həmişə olduğu kimi , bu dəfə də tankların topların qarşısında əyilmədi, sınmadı.
Ötən əsrin 80-ci illərindən başlanan azadlıq mübarizəsinin 1990-cı ildə daha geniş vüsət almasından qorxuya düşən imperiya rəhbərləri həm Azərbaycana, həm də digər ittifaq respublikalarına “dərs vermək” qərarına gəldilər. Heç kəs inanmazdı ki, sovet ordusu öz vətəndaşlarına atəş açar. Amma bu, baş verdi. Yanvarın 20 də sovet ordusunun bu vəhşiliklərinə də şahid olduq. Şəhərə daxil olan tanklar insanları əzib keçdi, binalar, avtobuslar, təcili yardım maşınları onların hədəfinə çevrildi. O qanlı-qadalı gecədə yüzlərlə günahsız adam həlak oldu. O təhlükəli günlərdə xalq öz azadlıq şəhidlərini çiyinlərdə son mənzilə yola saldı. Küçələr, şəhidlər xiyabanı qırmızı qərənfillərə qərəq edildi. 20 Yanvar qırğını imperiyanın gözlədiyi nəticəni vermədi. Insanları qoxudub, çəkindirmək arzuları puça çıxdı. Bu qırğında tökülən şəhid qanları insanları daha da birləşdirdi. Müqəddəs ideya uğrunda milli birlik, həmrəylik nümayiş etdirən xalqımız nəhayət ki, öz məqsədinə çatdı. Müstəqilliyimiz yenidən bərpa olundu.
Indi Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 Yanvar günündə onların xatirəsini dərin ehtiramla yad edir. Illər bir-birini əvəz edəcək, nəsillər dəyişəcək lakin vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaq. Illər keçsə də qəhrəmanlar unudulmayacaq. Çünki 20 yanvar gecəsində azadlığımız uğrunda şəhid olanlar igidlikləri ilə adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazdılar. Bu məqamda yаdımа böyük tаtаr şаiri Musа Cəlilinin sözləri düşür. «Mən ölümdən qorхmurаm. Bu, boş söz deyil, bir həqiqətdir. Əgər mən sаğlığımdа fаydаlı bir iş görmüşəmsə, əgər bu hаqqı qаzаnmışаmsа niyə ölümdən qorхum? Həyаtın əsil mənаsı budur. Elə yаşа ki, öləndən sonrа ölmə! Əgər Vətən üçün ölmək lаzımdırsа qoy belə şərəfli ölüm mənim nəsibim olsun».

Bəxtiyar ƏLİYEV

Oxşar Xəbərlər